C məşqçilər kursuna uyğun mövzu

C məşqçilər kursları (Ümumi)

Əslində bu yazımda mən video çəkərək paylaşmağı düşünürdüm. Ancaq hələki bunu etmək  üçün vaxtım olmadıgından yazılı izahlarla sizin üçün, C kursuna uygun bir mövzunu  başdan sona izah edəcəm. Deməli kursda demişdim, yəgin yadınızdadır , 16 nəfər olur  əksər hallarda. Və püşkatma olur imtahan həftəsində. Məşqçilər püşkatma nəticəsində  “cütlüklərə” çevrilirlər. 2 Məşqçi bir mövzunu məşq olaraq keçməli və ortaq fikirlər  əsasında daha öncə məşq hazırlamağı bacarmalıdır. Deyək ki, “Ayağın üstü ilə qapıya  zərbələr” mövzusu düşdü və siz artıq mövzunu keçəcək və məşqçi kimi sizə ortaq olacaq  digər şəxsi də bilirsiniz. Siz ikiniz ortaq bir razılıq əsasında məşq yazmalı və presentasiya hazırlamalısınız. Bu necə olur..?

Mən əvvəlcə presentasiyadan sonra isə məşqdən danışacam. Deməli presentasiya (təqdimat) oyunçulara meydana çıxmamış məşqdə keçiləcək mövzunun aşılanmasından ötürü olan bir şeydir. Əslində çox yaxşı bir şeydir. Yəgin ki C kursundan qabaq bunu heç vaxt istifadə etməsiniz. Təqdimatda videolarla , şəkillərlə , yazılarla , işarələrlə və s. elektronik və ya media, ya da qeyri-elektronik vasitələrlə oyunçulara “Ayağın üstü ilə qapıya zərbələr”in nə olmasından və metodikasından, incəliklərindən danışmanız lazımdır.

Bunun üçün isə, siz əvvəlcə mövzunun metodiki göstərişlərini bilməlisiniz.

1) Dayaq ayaq topun yanında olmalıdır. 

2) Dayaq ayaq dizdən azacıq bükülmüş vəziyyətdə olmalıdır.

3) Dayaq ayağın ucu, zərbə vurulan istiqamətdə baxmalıdır.

4) Zərbə ayağın üst hissəsi ilə (butsun ipləri olan yer) TOPUN ORTASINDAN vurulmalıdır.

5) Zərbə vuran zaman , zərbəni vuran ayağın ucu yerə baxmalıdır.

6) Zərbə vurulan zaman bədən azacıq önə doğru əyilməlidir. 

7) Zərbəni vuran ayaq da dizdən azacıq bükülməlidir.

8) Zərbə vurarkən ayağı topuqdan bərkitmək lazımdır. (gərgin olmalıdır)

9) Zərbə çanaqdan gəlməlidir və zərbə anında ayağın üstü dartılmalıdır.

10) Zərbəni vurduğunuz ayaq, zərbə sonrası topun arxasınca gedib topu itələməlidir.

Bu metodiki göstərişləri yazdıqdan sonra isə, siz artıq powerpoint-də bir presentasiya hazırlamaqa başlamalısınız. Və presentasiya da , hazır olduqdan sonra isə, siz bu mövzuya uyğun yaxşı və qısa bir video tapmalısınız ki, presentasiyanın sonunda izləmək üçün göstərəsiniz komandanıza.

Bunu mən sizin üçün “Ayağın üstü ilə qapıya zərbələr” mövzusunda tapmışam.

Məsələn bu mövzuda siz yuxarıdakı videonun 30-cu saniyədən sonraki hissəsindən bir dəqiqə qədərini göstərə bilərsininiz. Cristiano Ronaldonun videosun seçmişəm və vurdugu zərbələrin əksəriyyəti ayağın üstü ilə vurulur. Presentasiyada (təqdimatda) göstərmək üçün heç də pis video deyil.

Videonu da tapdıq. İndi sizə presentasiya haqqında danışım. Presentasiyada siz 2 məşqçi olacaqsınız. Və oyunçulara mövzunu izah etməlisiniz. Bunun üçün , hər ikiniz eyni qədər danışmalı, biriniz aktiv biriniz passiv olmamalısınız . Çünki instruktorlar hər iki məşqçinin də davranışlarına , danışıq qabiliyyətinə və futbol biliklərinə giymət vermək üçün , elə zaldanca başlayırlar beyinlərində fikir formalaşdırmaqa.

Presentasiyanı açırsınız və divarda proyektor vasitəsilə zala göstərilir. Presentasiyada metodiki göstərişlər şəkillərlə izah edilib. Əvvəlcə siz “Ayağın üstü ilə qapıya zərbələr” mövzusunda ümumi məlumat verirsiniz. Növbəli şəkildə danışırsınız , mövzu ortaqınızla birlikdə. Ki bəs bu mövzu niyə olur ? Harda olur ? Nə zaman olur ? Kim tərəfindən icra edilir ? və sair. Bu haqqda danışmaqın düşünürəm o qədər də adı yoxdur. Ancaq onu deyim ki, presentasiyanın bu hissəsində kurslar keçirilən otaqda olan maketdən və flipchatdan istifadə edərək izah verin. Mövzu haqqında bu qısa məlumatı verdikdən sonra isə , başlayırsınız metodiki göstərişlərin izahına..  Lövhədə presentasiya açıq bir şəkildə oldugundan, ilk metodiki göstəriş orada yazılmış olur. İkinizdən biriniz başlayıb həmin metodiki göstərişi izah edirsiniz. Deyək siz başlayırsınız və adınız A-dır. A “Dayaq ayaq topun yanında olmalıdır ” metodiki göstərişini izah edir. Bunu özü və ya digər məşqçi uşaqlara göstərir. Sonra isə digər məşqçi, presentasiyanın ikinci səhifəsinə keçərək, ikinci metodiki göstərişi izah edir. “Dayaq ayaq dizdən azacıq bükülmüş vəziyyətdə olmalıdır”  deyir və bunun nə olması haqqında danışır. Sonra isə göstərir. Belə belə sona qədər metodiki göstərişlər izah edilir , və danışılır. Sonda isə məşqçilərdən biri mövzunu tamamlayaraq, gəlin indi bir videoçarx vasitəsilə bayaqdan danışdıqımız mövzunun video nümunəsinə baxaq. Görək dünya ulduzları bu hərəkəti necə icra edir və sair kimi cümlələr quraraq videoya keçid edir. Bunu dedikdən sonra isə , yuxarıda sizin üçün paylaşdıqım videonu zala nümayiş etdirirsiniz. Və beləliklər presentasiya hissəsi bitir.

Keçək mövzunun əsas hissəsinə. Meydanda olacaq hissəsinə. Mövzuya uygun mən bir nümunə məşq paylaşacam burada. Ancaq bu o demək deyil ki, elə buda olmalıdır, ola bilər ki başqa məşq verərsiniz. Mən nümunə üçün izah edirəm. Deməli məşqlər 75 dəqiqəlik bir zamanı əhatə edir. Siz 75 dəqiqəlik bir məşq yazmalısınız və buna hazırlaşmalısınız. Başlanğıcda isinmə, ardınca çalışma forması, tapşırıqtamamlayıcı hissə olaraq bu 75 dəqiqəni dörd yerə bölmək olar. Başlamazdan qabaq deyim ki, çalışma forması hansısa bir mövzunun rəqibsiz və asan bir şəkildə icrası üçün verilir uşaqlara. Yəni onlar azad bir şəkildə mövzunu işləyə bilsinlər deyə.

İsinmə ilə başlayaq. İsinmə hərəkətlərinə 75-dəqiqə vaxtdan 15 dəqiqə ayrılmasının yaxşı oldugunu düşünürəm. Bundan çox olması pisdir. Az olması prinsipcə olar. Məsələn 10 dəqiqə də etmək olar. Ancaq məncə elə doza 15-dir. Əlbəttə ki C kurslarında doza 15-dir demək istədiyim. İsinmədə bir dəqiqə asta sürətlə qaçırıb, sonra isə iki nəfərə bir top verib ayağın içi və çölü ilə 1dəqiqə , 1 dəqiqə hərəkətdə paslaşma verə , ardınca isə ayağın üstü ilə paslaşma verə bilərsiniz 5 dəqiqə. Daha sonra qarşı qarşıya iki oyunçu çiliyərək ayağın üstü ilə qarşısındakına ötürmə edərək 1 dəqiqəlik bir şey də verə bilərsiniz. Ancaq mən bu mövzu üçün nəzərdə tutdugum isinmə belədir.

Məşq başlayan kimi , 1dəqiqəlik asta qaçış verirsən. Ardınca əl, qol, ayaq açma hərəkətləri ilə bədənin yüngül açılışmasını təmin edirsən. Buda hardasa 2 dəqiqə filan çəkir. Sonra isə aşağıdakı şəkildə gördüyünüz kimi davam etmək olar.

Şəkildə gördüyünüz kimi üz üzə 7 cüt fışka qoyulub, aralarındakı məsafə 10-12 metr ola bilər. Fışkaların aralarındakı məsafə isə eninə olaraq 5 metrdir.

Hər hansı bir sıradakı fışkaların hər birində bir oyunçu topla dayanır. Digər sıranın birinci fışkasında isə qalan oyunçular dayanır. Gözləyən oyunçular topsuz olur və növbə ilə çıxaraq ayağın üstü gələn pasları, gəbul edib, ayağın üstü ilə geri gaytarır. Ən son fışkaya gədər gedir çatır və gəlir sıraya arxadan qoşulur. Beləcə dövrü şəkildə ayagın üstü ilə sərt paslar verilir. Əvvəlcə 3 dəqiqə bu sol ayaqla, sonra sağ ayaqla icra edilir. Sonra Qruplar yerlərini dəyişir və fışkada topla olanlar, birinci fışkaya gələrək topsuz hərəkəti icra etmək üçün sıraya gəlirlər. Bu qrup da 3 dəqiqə sağ , 3 dəqiqə sol ayaqla bu cür ayağın üstü ilə sərt pasları verir və bu qısa isinmə tapşırıqını yerinə yetirmiş olurlar.

Məşqin isinmə hissəsi 3+3+3+3+1+2 dəqiqələr olmaqla qısa 10-20 saniyəlik autopauzalarla 15 dəqiqəni əhatə edir tam olaraq. İsinmə bitdikdən sonra isə , 1 dəqiqə pauza və ya su fasiləsi vermək olar.

Bunun ardınca uşaqlara aşagıdakı kimi bir çalışma forması vermək olar. Yenədə deyirəm , mən burda nə yazıramsa o demək deyilki elə məhz dediklərimi vermək lazımdır. Sadəcə olaraq mən sizə , azdan çoxdan bildiklərimdən yol göstərməyə çalışıram. Məşqin növbəti 20 dəqiqəsini aşağıdakı şəkildəki kimi davam etdirmək olar.

Yuxarıdakı formadakı kimi sağda və solda 2 fışka qoyursuz. Mərkəzə yaxın olan fışkadan oyunçular digər fışkaya pas ötürərək hərəkətə başlayırlar. Öndəki fışkadakı oyunçu topu qəbul edib, yoldaşı üçün topu çıxarır və sağ tərəfdə sağ ayaqla, sol tərəfdə isə sol ayaqla, yalnız ayağın üstü ilə zərbələr icra edilir. Zərbə vuran topu qəbul edənin yerinə keçir və hərəkət beləcə davam edir. Bunu iki kiçik qapı ilə də etmək olar. Əgər oyunçu sayısı çoxdursa, sol və sağ tərəflərin hər birinin öz qapısı olmalıdır zərbə vurmaq üçün. Məşq zamanı baxın, əgər ,oyunçular qarışıqlıq yaradırsa, qapıçıya eyni vaxta iki zərbə gedirsə, o zaman iki qapı edə bilərsiniz. Bundan başqa , bu tapşırıqın icrası zamanı, əvvəlcə yerlə paslar çıxarmaqı tapşırın oyunçulara, daha sonra hava ilə , sonda isə topu “əyri-üyrü” bir şəkildə çıxarmaqı tələb edin. Zərbə vuran oyunçular meydanda rahat gələn paslara zərbə vurmurlar əksər hallarda. Sonra, bu məşq zamanı sağ və sol ayaqla hamının işləməsi üçün yerləri də dəyişməniz önəmlidir. Buna görədə bu məşqi versəniz, 3 dəqiqə yerlə çıxan paslara zərbələr, 3 dəqiqə hava paslarına zərbələr, 3 dəqiqə də “pis” paslara (bu hava pasları da yer pasları da ola bilər) zərbələr işləndikdən sonra, 1 dəqiqə pauza verərək, daha sonra qrupların yerlərini dəyişdirə bilərsiniz. C kursunda xüsusən oyunçuların sol və sağ ayaqlarının işləməsi nəzərə alınan məşqlərə daha çox diqqət edilir deyim ki.

Bu hissə də bitdikdən sonra , 1 dəqiqəlik bir pauza verərək növbəti məşq tapşırıqına keçə bilərik. Yuxarıdakı tapşırıqda kifayət qədər təkrar oldugunu və oyunçuların artıq zərbə vurmaq üçün azda olsa öyrəşdiklərini, rahat bir şəkildə kifayət qədər çox zərbələr icra etdiyini deyə bilərik. İndi futbolçuların təzyiq altında , rəqiblə, qarmaqarışıqlıqda , nisbətən daha çətin situasiyada zərbələr vurmaqı üçün bir oyun keçirək.

Deməli yenə də aşağıdakı şəklə nəzər salaq..

Şəkildə gördüyünüz kimi, zona ayırıb (15m x 10m) bu zonada 3×3 – ə mini futbol oynadırsız.  Hər komandanın iki qapısı olur və qapının qabağında durmaq olmaz kimi bir qadağa qoyursunuz. İstəsəniz bunu zona bölərək də edə bilərsiniz ki, bu zonaya girməyin desəniz uşaqlar qapının önünü saxlamazlar. Amma mən zonanı türklər demiş tərcih etmirəm. Elə belə verirəm məşqi. Qadaga olaraq 3 pasdan çox paslaşmaq olmaz qadagası qoyun, plusda 3 toxunuşdan artıq toxunuş etmək olmaz. Kim topu harda tutsa balaca qapılara vurmaqa çalışsınlar. Əlbəttə ki ayağın üstü ilə vurulan qolları sayın ki, məcbur qalıb ayağın üstü ilə zərbələr vursun oyunçularınız. Əgər invertarla baglı heç bir probleminiz yoxdursa, daha böyük zonada , daha yaxşı bir məşq vermək olar. Bunu da elə belə sözlə də olsa deyim. Deməli torpaqa bastırılan çubuqlar ki, ikisini yaxın bastırılıb, aralarına da setka vurulmuş 2m x 2m ölçülərində olan invertar var bidənə. Mən də görməmişəm real olaraq. Amma hansısa saytda gördüm. Həmdə satılırdı o saytda. Nəysə , o dediklərimdən də hər komanda üçün 3 dənə ayırıb , 3 x 3 və ya 4 x4 oynatmaq olar.

Burda oyunçu sayını mən kankret olaraq sizə deyə bilmirəm. Çünki hər komandada vəziyyət fərqlidi. Ola bilər ki siz məşqi verəndə 3×3 sizi qane etmədi, o zaman 5×5 edin, nə bilim yada 4×4 edin. Buna məşq gedişində məşqçi müdaxilə etməlidir.

20 dəqiqə də bu məşq gedəcək. Yuxarıda dediyim məşq. Pauzaları və sag + sol ayaqla işləmələri üçün kiçik birşeylər düşünün. Bu hər halda çox bəsit bir şeydi məncə.  3 dəqiqə bu cür 3 dəqiqə əksi cür kimi xırda elementlər daxil edin özünüz bu məşqə.

Sonda isə 20 dəqiqə futbol olacaq. Ancaq bir az fərqli bir futbol. Əvvəlcə meydanda aşağıdakı şəraiti yaradın.

Yəni qapılardan birini digərinin önünə (cərimə meydançasının dairəsinin önünə) qoyun. Hər qapıya bir qapıçı göndərin. Bu zonada 5×5 futbol verin. Və uşaqlara məcburedici qaydalar qoyun. Məsələn: 2 toxunuşdan artıq eləmək olmaz deyin və 3 pasdan artıq da pas vermək olmaz. 3 pasdan çox pas verildiyi halda və 2 – dən artıq toxunuş olduqda, top rəqibə keçsin. Bu halda oyunçular topu harda tutdular qapıya zərbə vuracaqlar. Sizin də məşqiniz qapıya zərbələr məşqidir. Daha effektiv olacaq yəni. Bundan başqa, görsəniz ki oyun gedən zona balacadı, sıxlıq var o zaman oyunçuların sayını azalda bilərsiniz. Yada zərbələrin sayı sizi qane eləməsə,sizə lazım olan qədər çox olmasa da oyunçu azalda, daha kiçik qruplarda məşqi davam edə bilərsiniz. Bu məşqi komandanı 4-6 kiçik qrupa bölərək, mini çempionat kimi də keçirə bilərsiniz. Komanda üzvlərinin öz aralarında maraqlı bir yarış gedər. Həmdə sonda qalibə də bir mükafat təyin etsəniz əla bir məşq olar məncə. Yenədə siz bilin. Məndən sadəcə yazmaqdı )

Bu C kategoriyalı məşqçi kursunun materialına aid paylaşacaqım, ən önəmli mövzulardan biridir. Əgər siz kursda iştirak edirsinizsə, və bilmirsizsə ki , C-ə uygun məşq necə olur, o zaman nümunə olaraq bu yazım işinizə yaraya bilər..

Daha öncəki yazılarımda da adını kifayət qədər çox çəkdiyim, haqqında çoxluca danışdıqım yazı bu idi. Artıq işinizə yarayarsa, istifadə edə bilərsiniz. Mövzuyla baglı hər hansı sualınız olarsa, şərh olaraq da yaza bilərsiniz.

Növbəti yazılarımda görüşərik. Hələlik =) 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir