Məşqçinin davranışı

Məşqçinin davranışı

Nəzəri Hissə (C məşqçilik kursları)

Bu yazımda sizlərə “Məşqçinin davranışı”ndan danışacam. Yəni, bir futbol məşqçisi necə olmalıdır ki yaxşı məşqçi olmaq yolunda 1 dənə də “+” gəlsin.

Məşqçinin davranışı mövzusunda danışacaqlarım əslində əksər idman növlərində çalışan məşqçilərə aid olmalı olan keyfiyyətlərdir. Yəni tək futbol məşqçisinə aid deyil desək yanılmarıq…

Bütün idman növlərində çalışan məşqçilər yaxşı olar ki bu keyfiyyətləri özündə cəmləşdirsin.

İndi isə mövzumuza keçək..

1) Günəşə məşqçi özü baxmalıdır.. Məşqçi davranışında ilk diqqət etməli olduğu nüans budur. Yəni meydanda futbolçulara məşq keçilən zaman, meydanın kənarında diqqət çəkən bir maraqlı nəysə varsa , məşqçi oyunçularının diqqəti yayınmasın deyə , oyunçularının arxası həmin tərəfə olaraq izah verməlidir. Deyək ki yayda, günəşli bir havada məşq günü düşür. Məşqə oyunçular çıxır və məşqçi komandanı meydanın mərkəzinə yıgaraq günün planını oyunçulara danışır. Əgər bu zaman günəş məşqçinin arxasında qalsa, futbolçuların üzünə günəş düşsə, oyunçular narahat bir şəkildə məşqçini dinləyəcəklər. Bu da futbolçuların planı tam konsentrasiya ilə dinləməsinə maneə olacaq. Ya da bir U-16 komandasında məşqə çıxırsınız deyək ki. Siz günün planını oyunçuları bir yerə toplayıb izah etdiyiniz zaman, arxanızdan mini ətək geyinmiş bir gənc xanım keçir deyək ki. Oyunçuların da bu yaşlarda keçid dövrü yaşadıgını nəzərə alsaq, inanın ki , sizə heç kim qulaq asmayacaq. Danışdığınız hədər olacaq. Ona görə də siz gərək ki mini ətək geyinmiş xanımı oyunçuların arxa tərəfində “saxla”yasanız.. Yəni oyunçuları elə yığasınız ki önünüzə, o mini ətək geyinmiş xanım sizin önünüzdə, oyunçuların isə arxasında qalsın. Məşqçinin davranışı mövzusunda ilk bənddə yer alan “Günəşə məşqçi baxmalıdır” cümləsinin açıqlamasını ümid edirəm ki izah edə bildim. Bir daha deyim , günəş ilk xırda detaldır. Futbolçularının diqqətini yayındıra biləcək hər nə varsa, o “hər nə”ni oyunçuların arxa tərəfində saxlamaq , danışdıqlarınızın oyunçulara daha tez anlaşılmasını ortaya çıxarar.

2) Məşqçinin aurası , dəqiqliyi, nüfuzu , natiqlik mədəniyyəti olmalıdır..  Məşqçinin aurası məsələsindən başlayım. Təsəvvür edin ki, futbolçuların önünə məşq zamanı boks əlcəkləri ilə çıxmısınız. İlk baxışdan siz boks məşqçisinə oxşayacaqsınız oyunçularınız gözündə. Yəni məşqçinin geyimi hər zaman səliqəli, futbol məşqçisinin geyiminə uygun bir şəkildə olmalıdır. Sport geyimdə olmanız və ya futbola uygun sport geyimdə olmanız , ən azından ilk baxışda oyunçularınızda məşqçi aurası yaratmaqda yardımçı olacaq. Demirəm ki original nike, adidas , puma və sair bahalı bahalı geyimlərdə məşqə çıxın. Bunlar olmasa da olar. Ancaq geyindiyiniz geyimlərin içində elə edin ki , “tökülüb itməyəsiniz”..  Səliqəli sadə geyimlər seçin..  Ya da bir məşqçinin “Ronaldo”nun Manchester United-dəki formasında məşqə çıxması əsil biabrçılıqdır məncə. Belə geyimlər seçməyəsiniz əsla. Nüfuzun düşməsindən başqa heçnə qazandırmaz sizə.  Və məşqçi özünü davranışları ilə oyunçularının gözündə əvəzolunmaz bir şəxsiyyətə çevrilməlidir. Məşqçinin dəqiqliyi dedikdə , nədən söhbət gedirsə , yəgin siz artıq anlamısınız. Öz təcrübəmdən deyirəm , görmüşəm bir neçə məşqçidə bunu. Əgər bir məşqçi , məşqə gecikirsə davamlı olaraq, o məşqçinin futbolçuların yanında hörməti aşağı düşməyə başlayır. Və bir müddətdən sonra nə qədər özünü öldürsə ki , “uşaqlar məşqə vaxtında gəlin” , oyunçular da məşqə gecikməyə başlayacaqlar. Və bu da məşqçinin nüfuzunu meydana gətirir. Məşqçi davranışları ilə oyunçularını ələ almaqı bacarmalı, futbolçularının onun dediklərinə əməl etməsinə şərait yaratmalıdır. Əgər nüfuzunu yarada bilməsə, futbolçular da məşqçinin dediklərini ciddiyə almayacaq və məşq olacaq “bardaq”. Qaldısa bu bəndin sonuncu elementi , natiqlik mədəniyyəti məsələsinə, Azərbaycanda olan məşqçilərin 90%-dən artıq bir hissəsi heç normal şəkildə danışa bilmirlər. Qalmışdı hələ natiqlik mədəniyyəti. Mən bunu da təcrübəmdə gördüyüm məsələlərlə deyirəm sizə. Futbolçulara hər hansı ictimai bir mövzuda izah edilməli birşeylər olduğu zaman , əksər məşqçilər bunu bacarmırlar. İctimai mövzunu qoyaq qırağa, heç futboldan da hər hansı bir mövzu izah ediləndə bacarmırlar. Danışıqları zamanı əksər məşqçilər, “eeee…”, “mmmm…”, “aaaa…” kimi sözcüklərdən istifadə edirlər. Bu bir “məşqçinin etməməli olduğları” listində yer alan əsas xırdalıqlardandı məncə. Mən futbolçu kimi məşqlərə çıxanda belə “eee..”-li , “aaa..”-lı danışan məşqçiləri sevmirdim. Oyunçular da belə danışan məşqçilərdən sıxılırlar. Dinləmək istəmirlər əmin olun ki..

3) Qısa anlayışlı izahat verə bilməlidir.. Bu da hardasa natiqlik mədəniyyəti məsələsi ilə metodiki biliklərin qarışıqından əmələ gələn birşeydir əslində. Məşqçi qısa və anlayışlı izahat verə bilməlidir. Məsələn qapıya zərbələr məşqində oyunçuların zərbələri , çərçivəyə düşmür deyək ki. Məşqçi saxlayır məşqi , başlayır danışmağa ki, bəs uşaqlar belə edin, elə edin, burdan vurun , nə bilime beləcə 10 dəqiqə izah edir,  danışır.  Davam edəndə isə oyunçular yenədə çərçivəyə düşə bilmir. Toplar hamısı qapının üstündən gedir çölə =) Çərçivəyə düşmək başqa bir mövzunun detalıdır, amma sizə qısa anlayışlı izahat məsələsində deyim ki, 10 dəqiqə izah etmək çox iyrənc bir haldır. Qapıya zərbələr onsuz ki hər bir oyunçunun ən sevdiyi məşqdir məncə. Siz futbolçuları saxlayıb əgər 10 dəqiqə izah etsəniz, inanın ki oyunçular sizə deyə bilməsələr də , ürəklərində fikirləşəcəklər ki , “bu yaramaz səsini kəssəydi , bir iki zərbə vurardıq qapıya..”. Yəni demək istədiyim , izah edərkən çalışın metodiki göstərişləri uşaqlara deyəsiniz. Maximum 1-2 dəqiqə ərzində bunu edə bilərsiniz. Və hansı oyunçuda səhv sıfr hansı metodiki hərəkətlə baglıdırsa, futbolçunuza o metodiki göstərişi məşq gedə gedə izah edin. Qısa anlayışlı izahat məsələsində özüm uzun-uzadı izah yazmışam =) Diəsən bir qəpiklik məşqçi deyiləm a =))

4) Feedback – Verilən informasiyani nə dərəcədə başa düşdülər ? Feedback məşq zamanı məşqçinin səsləndirdiyi fikirlərə deyilir. Futbolçuların elədikləri hərəkətlərə uygun olaraq , məşqçinin verdiyi şərhlərdən söhbət gedir. Məsələn “başla oyun” mövzusunda futbolçularınızdan biri mükəmməl bir başla oyun nümayiş etdirir ikinci mərtəbədə, lazımdıki siz ona “yaxşıydı” , “qəşəng filankəs” , “super idi” , kimi sözlərlə stimul verəsiniz ki , oyunçunuz haqqın yolunda oldugunu bilsin. Hərəkəti düz icra etdiyini bilsin. Yoxsa susub yerinizdə oyunçuya baxmasınız, bir dəfə düz vuracaq , bir dəfə əyri. Oyunçu da dərk edə bilməyəcək ki , hansı eləməli olduğu ən düzgün davranışdır.
Məşqçinin futbolçularının etdiklərinə fikir bildirməsi feedback-dir..

5) Səhvi görmək və yerindəcə korrektirovka vermək.. Ola da bilər ki oyunçularınızdan hansılarısa hərəkəti düzgün icra etmirlər. Bu zaman onlara “yaxşıydı”, “əlaydı” demək yalnış hərəkət olar. Gərək ki , oyunçunuza daha yaxşı etmək üçün izah edəsiniz. Saxlayıb korrektirovka verəsiniz. Məsələn “qapıya zərbə” zamanı çölə gedən topu vuran oyunçuya “yaxşıydı” demək olmaz. Əvəzində saxlayıb deməlisiniz ki , bəs “ay filankəs, zərbənin gücü pis deyildi amma çərçivəyə düşmək üçün filan filan şeyləri etməlisən”. Ümid edirəm bu “səhvi yerindəcə görmək və korrektirovka vermək” mövzusunda qaranlıq nəysə qalmadı. Keçək digər bəndə. 

 6) Ehtiyac duyulduqda göstərmək.. Deyək ki siz əlli dəfə izah etdiniz , yüz dəfə başa saldınız. Oyunçunuz gənədə qapıya düzgün zərbə endirə bilmir. Belə hallar olmur əslində. Olubsa deməli futbolçuya metodikadan danışmamısınız siz. Günah sizdədir. Deyək ki olub da indi. Bu zaman özünüz işə düşsəniz daha yaxşı olar. Topu götürürsünüz , və mövzunu özünüz izah edirsiniz. Zərbə məşqidirsə, elə bir zərbə ilə çərçivəyə düşürsünüz ki , vura bilən də bilməyən də şok içində sizi izləyir. Davam edirsiniz ki , bax belə vur. Ehtiyac duyulduqda göstərmək də bu idi. Əgər özünüz göstərə bilmirsinizsə,onda komandada bunu ən yaxşı edən kimdirsə, o oyunçunun göstərməsini tələb edə bilərsiniz. Hərəkəti icra edə bilməyən futbolçuya, icra edə bilən yoldaşının ifasında həmin hərəkəti göstərə də bilərsiniz. Yetərki göstərin. Özünüz və ya başqa bir oyunçunuz.

7) Lazımı qədər təkrara yol vermək məsələsi bizim futbolumuzun bədbəxtliklərindən biridir. Bu mövzuda məşqçilərin də günahı var, klubların da. Məşqçilər tanıyıram ki , pas məşqi verir, məşqdə hərə on dənə pas vermiş olur günün sonunda. Belə məşqin içinə zibil. Verməsən daha yaxşıydı. On dənə pas vermək üçün futbolçunuzu evdən stadiona qədər sürükləməyə dəyməz. Hər nə məşq vermisinizsə, gərək ki , yüzlərlə, minlərlə və daha çox təkrar alınsın. Bir futbolçunun hər hansı bir hərəkəti etməsi elm deyil. Sadəcə vərdişdir. Vərdişi yaratmaq üçün təkrar olmalıdır. Çalışın məşqlər hazırlayarkən oyunçuların kifayət qədər çox təkrar etmələri üçün olan məşqlər tərtib edəsiniz. 

8) Emosiyasız məşq olmaz!  Məşqlərinizdə emosiya olması mütləqdir. Məşqdə çalışın ki hamı “key” kimi gəlib top təpikləyib getməsin. Bütün bir məşq emosiyasız keçərsə, bilin ki nə verirsiniz verin futbolçularınızda yorgunluq görəcəksiniz. Bezginlik görəcəksiniz. Ona görə məşqlərinizdə emosiya olsun əziz məşqçilər)

Bu mövzuda da yazacağım bu qədər. Növbəti yazımda sizə “Kondisiya”dan danışacam..  “Məşqçinin davranışı” ilə bağlı suallarınız ola bilərsə şərh yaza və ya əlaqə bölümündən yazaraq soruşa bilərsiniz. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir