Futbolçunun bacarıqları

Futbolçunun bacarıqları

Nəzəri Hissə (C məşqçilik kursları)

Günümüzdə futbol elə bir yüksək həddə gəlib çatıb ki , indiyə qədər olan bütün zamanların ən yaxşı dövrünü yaşayır desək yanılmarıq məncə. Messi də , Ronaldo da, Neymar da və s. bir çox istedadlı futbolçular da keçmişin ən yaxşı futbolçuları ilə müqayisə ediləndə, deyə bilərik ki, bu günki futbolçular daha yüksək səviyyədə çıxış edirlər. Bəs bu müqayisəni nəyə görə aparırıq və niyə belə nəticəyə gəlirik ? Bu müqayisəni apara bilmək üçün , futbolçunun bacarıqlarına bələd olmaq lazımdır əslində. Futbolçunun bacarıqları isə 5 əsas hissədən ibarətdir ki, bu yazıda da bu haqqda ətraflı məlumat verəcəm..

1) Futbolçunun texnika bacarığı: Hər bir futbolçunun texnika bacarığı, onu digər oyunçulardan ayıran ən başlıca bacarıqdır. Texnika dedikdə, hər halda hamımız aydın şəkildə başa düşürük ki , söhbət nədən gedir. Yenə də bilməyənlər üçün qeyd edək ki , futbolda topla edilən hərşey texnika hesab edilir. Əgər bir futbolçu, topun üzərindən ayağını fırladırsa, topuğu ilə top çiləyirsə , və sair çoxlu freestyle hərəkətlər edə bilirsə , demək ki texnikası güclüdür. Amma məsələ tək texnika ilə bitmir. Misal üçün dünyaca məşhur Sean Garnier adlı bir futbol freestyleri var ki , texnika baxımından mükəmməl səviyyədədir. Hətta Ronaldonun, Messinin texnikası ilə müqayisə olunacaq dərəcədə yaxşı bir texnikaya sahibdir. YouTube-dan axtarsanız, videolarına baxsanız məncə mənimlə razılaşarsınız. Amma Sean heç vaxt , bir Real Madrid və ya Barcelona futbolçusu ola bilməz. Çünki futbolda tək texnika ilə heçnə əldə etmək olmaz. Gərək ki futbolçunun bacarıqları kompleks şəkildə olsun. Kompleks şəkildən söz düşmüşkən, keçək ikinci bacarığa.

2) Futbolçunun taktika bacarığı:  Bu bacarıq beyinlə əlaqəli bir şeydir. Yəni başı işləyən futbolçularda dediyimiz bu bacarıq yüksək səviyyədə görünür. Yüksək texnikaya malik bir futbolçunun , əgər yüksək səviyyədə taktikası da olarsa demək ki, o futbolçu dünyanın ən yaxşılarının listində yer almağa ən real namizəddir.  Əvvəlki yazımızda taktika haqqında danışmışam. Burada taktika bacarığına individual olaraq bir daha başqa pəncərədən aydınlıq gətirim. Məsələn topla olan oyunçu rəqibinin üstünə gedir, çatmamışdan qabaq bilirsə  ki, rəqibə qarşı hansı fint istifadə etməlidir , və ya rəqibi daha asan keçmək üçün nə etməlidir, deməli taktik olaraq güclüdür. Ya da iki hücumçu üzərində deyim. Filippo İnzaghi hamımızın tanıdığı İtalyan hücumçu, hər zaman offside-larda olan bir futbolçu idi vaxtıykən. Açılmanı yerinə yetirdikdə isə, rəqib müdafiəçilərin rahat müdaxilə edə biləcəyi bir yerə açılırdı.  Açılma yerinə yetirərkən taktikası aşağı olduğundan bu halla qarşılaşırdı. Taktikası yaxşı inkişaf etməmişdi. Amma Lewandovskini, Luis Suarezi misal göstərə bilərik ki , hal hazırda dünyada ən yaxşı 10 hücumçulardandırlar, açılmalar icra etdikdə isə offside gözləyə bilirlər, hara açılıb daha çox təhlükə yaradacağını da daha yaxşı bilirlər. Bu “hara açılıb daha çox təhlükə yaratmaq” ki var  bir futbolçunun taktika bacarığından irəli gəlir.

3) Futbolçunun Kondisiya bacarığı: Futbolçunun kondisiya bacarığı başqa sözlə Fiziki bacarıq da adlandırılır. Bu oyunçunun 90 – 120 dəqiqə boyunca mübarizə apara bilməsini meydana çıxarıq. Kondisional olaraq yaxşı vəziyyətdə olan futbolçular oyunun sonlarında , əlavə edilmiş vaxtlarında da tam gücləri ilə mübarizə apara bilirlər. Kondisiya bacarığı yaxşı olan bir futbolçu misal göstərim , daha rahat olsun anlamağımız. Bilmirəm fikir vermisinizmi, Ronaldo üçün oyunun neçənci dəqiqəsinin getməsinin çoxda önəmi yoxdur. O 90-cı , 120-ci dəqiqədə belə meydandakı digər futbolçulardan daha az yorulmuş olur. Bu onun fiziki və kondisional olaraq daha yaxşı səviyyədə olmasından irəli gəlir. Amma bir də ,  Andre Schürle-yə baxsaq görərik ki, fiziki olaraq necə də aşağı səviyyədədir. Digər bütün bacarıqlarına görə, dünyanın normal futbolçularından heçdə geri qalmır, lakin fiziki olaraq aşağı səviyyədədir. Chelsea-dəki vaxtlarında mən fikir verirdim, hər zaman oyunlara sonradan daxil edilirdi.. 60-cı dəqiqədən sonra. Hər zaman da rəgib üçün əsil təhlükə olurdu. Hətta Almaniya millisində də o oyuna sonradan qoşulur. Əgər o ilk 11-də meydana çıxarsa düşünürəm ki, mütləq birinci hissədən sonra dəyişiklik edilməlidir. Çünki fiziki olaraq çatdırmır. Qısacası, Futbolçunun 90, 120 dəqiqəlik bir zaman müddətində yüksək səviyyədə mübarizə apara bilmə bacarığı “kondisiya və ya fiziki” bacarığıdır.

4) Futbolçunun psixoloji bacarığı:  Oyunçunun bu bacarığı, böyük rəqibdən qorxmaması , oyunlara psixoloji olaraq üstün durumda çıxmasını ortaya çıxaran bir elementdir. Bir futbolçunun psixoloji bacarığı yüksək səviyyədə olarsa, heç bir rəqibi aşagılamaz və gözündə yüksəltməz, bütün rəqiblərə qarşı maximum mübarizə aparar. Deyək ki , Neftçi və Barcelona klubları arasında matç olacaq və ÇL-nin 1/8 mərhələsinin matçıdır. Yarı zarafat yarı gerçək də olsa düşünək ki,  Neftçi bura qədər özü irələməyib və tapşırıqla bu mərhələdən ligaya davam edəcək. Neftçinin futbolçuları bu matça çıxmamışdan öncə , psixoloji olaraq uduzmamalıdırlar. Yəni önlərində olan olan komandanın Barcelona olmasından, loru dildə desək qorxmamalıdırlar. Bu futbolçuların psixoloji bacarığından irəli gələn bir şeydir. Hansı futbolçunun ki psixoloji bacarığı yüksək səviyyədədir, həmin futbolçu rəgibdən çəkinmədən öz oyununu ortalığa qoymağı bacaracaq.  Ya da Barcelonanın futbolçuları, önlərində olan komandanın Neftçi olduğunu görüb “başdansovudu” yanaşmamalı, matçı maximum bacarıqlarını ortaya qoymaq üçün oynamalıdır. Əgər belə oynarlarsa, demək ki psixoloji durumları yüksək səviyyədir. Ki Barcelonanın futbolçularının demək olarki hamısında psixoloji durum həgigətən də yüksək səviyyədədir. Bu izahdan hər halda psixoloji bacarığın nə olması haqqında informasiya yetərincə əldə edə bildiniz. İndi isə keçək futbolçunun sonuncu , 5-ci bacarığına.

5) Futbolçunun sosial bacarığı: Bu bacarıq oyunçunun komanda yoldaşları, hakimlər, məşqçilər heyəti, komandanın digər işçi heyəti, azarkeşlər, jurnalistlər və s. bütün insanlarla münasibətini nümayiş etdirən bir bacarıqdır. Sosial sözündən də başa düşürük ki, futbolçunun sosial bacarığı, komanda yoldaşları başda olmaqla, onlarla münasibətdə olan bütün insanlarla olan davranışlarından söhbət gedir. Hər bir futbolçu kifayət qədər çox insanla münasibət qurmağa məcbur olur. Jurnalist, azarkeş, məşqçi , komandanın digər işçi heyəti və s. və s. saymaqla bitəcək deyil. Bu münasibətləri elə saxlamağı bacarmalıdır ki, “düşmən”ləri çoxalmasın. Sosial bacarığı yüksək olan futbolçuların dostları , tanışları da kifayət qədər çox olur. Təkcə futbolda yox, futboldan başqa da digər işlərdə də bu belədir..

Sonda qeyd etmək istərdim ki , yuxarda haqqında danışdığım futbolçunun bacarıqlarının hamısının bir arada olması, həgigətən də ən yaxşı futbolçularda görünən haldır. Məşqçi tərəfindən bu bacarıqlarının hamısının inkişafı üzərində çalışılmalı, futbola təkcə futbolçu deyil, həmdə yaxşı səviyyədə yetişmiş şəxsiyyət olan bir futbolçu vermək lazımdır.

Bu mövzuda kifayət qədər danışdığımı düşünürəm. Qaranlıq qalan məsələlər olarsa yazaraq soruşa bilərsiniz. Növbəti yazıyadək..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir